Rusiya Xarici İşlər naziri Sergey Lavrov İranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilir ki, Lavrov Rusiyanın Fars körfəzi regionunda təhlükəsizlik böhranının həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, Moskva silahlı qarşıdurmanın təkrarlanmamasının vacibliyini önə çəkir və münaqişənin hərbi yolla deyil, diplomatik vasitələrlə həllini dəstəkləyir.
Rusiya tərəfi həmçinin bütün sahilyanı dövlətlərin iştirak edəcəyi və regiondan kənar ölkələrin də dəstək verəcəyi təhlükəsizlik konsepsiyasının hazırlanması təşəbbüsünü xatırladıb.
Moskva bəyan edib ki, məqsəd İran və qonşu ölkələrin maraqlarını nəzərə alan, uzunmüddətli sabitliyi təmin edən həll yollarının tapılmasıdır.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər həmçinin regiondakı son vəziyyəti və İslamabadda İran–ABŞ danışıqlarını da müzakirə ediblər.