Qırmızı dənizlə Ədən körfəzini birləşdirən Babülməndəb boğazında Çinlə əlaqəli ticarət gəmilərinin təhlükəsiz keçidi diqqət çəkib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, beynəlxalq dənizçilik hesabatlarına görə, Husilərin dəniz blokadası və təhdidlərinə baxmayaraq, Çinə məxsus və ya Çinlə əlaqəli 22 ticarət gəmisi boğazdan təhlükəsiz şəkildə keçib.
Məlumata görə, dənizçilik dairələrində bu keçidlərin Pekinlə Yəməndəki İranın dəstəklədiyi Husilər arasında mümkün razılaşma ilə əlaqəli olduğu iddia edilir. Bildirilir ki, Çin tankerlərinin təhlükəsiz keçidi üçün tərəflər arasında xüsusi koordinasiya aparılıb və bu prosesdən İranın da xəbərdar olduğu ehtimal edilir.
Çin Xarici İşlər Nazirliyi isə Qırmızı dənizdə beynəlxalq ticarətin təhlükəsizliyini dəstəklədiyini və mövcud problemlərin diplomatik yollarla həll edilməsinin vacibliyini bildirib. Pekin Husilərlə birbaşa danışıqlar apardığı barədə iddiaları təsdiqləməyib.
Qeyd edək ki, “Kpler” şirkətinin məlumatlarına əsasən, son günlər Babülməndəb boğazından keçən gəmi sayında artım müşahidə olunur. Xüsusilə neft və neft-kimya məhsulları daşıyan gəmilərin marşruta qayıtdığı bildirilir.
Ekspertlər xəbərdarlıq edirlər ki, boğazın bağlanması halında gəmilər Afrikanın cənubundan keçməli olacaq. Bu isə daşınma müddətinin həftələrlə uzanmasına və logistika xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.