Böyük Britaniyanın Baş naziri Kir Starmer La-Manş boğazında Rusiya hərbi gəmisinin Britaniya bayrağı altında üzən mülki yaxtaya qarşı açdığı xəbərdarlıq atəşlərini kəskin tənqid edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bununla bağlı G7 Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.
“Bu baş verməməli idi. Məsuliyyətsiz hərəkət idi və yaxtadakı cütlük yəqin ki, böyük qorxu yaşayıb”, – Starmer bildirib.
Öz növbəsində Böyük Britaniya Müdafiə Nazirliyindən bildirilib ki, açılan atəşlər yaxtaya yönəlməyib və mümkün toqquşmanın qarşısını almaq məqsədi daşıyıb.
Nazirlik hadisənin araşdırıldığını və bunun təcrid olunmuş insident kimi qiymətləndirildiyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, iyunun 16-da saat 12:45-də Admiral Qriqoroviç freqatının heyəti La-Manş boğazında Britaniyanın mülki Bright Future yaxtasına qarşı xəbərdarlıq məqsədli atəş açıb. Rusiya tərəfinin iddiasına görə, yaxta siqnal raketlərinə reaksiya verməyib və hərbi gəmiyə təhlükəli dərəcədə yaxınlaşıb.
Hadisə ilə bağlı tərəflərin açıqlamaları arasında fərqlər mövcuddur və insidentin detalları üzrə araşdırma davam edir.