Pentaqon İrana qarşı hərbi əməliyyatlara təxminən 40 milyard dollar xərcləyib. Buna səbəb, ABŞ-nin regiondakı hərbi fəallığı və infrastrukturuna dəyən zərərlərin kompensasiya edilməsi zərurəti olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) tezliklə dərc olunacaq hesabatında yer alıb.
Məlumata görə, CSIS-in baş məsləhətçisi Mark Kansianın CNN-ə verdiyi açıqlamada bu xərclərə sursat xərcləri, məhv edilmiş avadanlıqlar və Amerika hərbi bazalarına dəyən ziyanın daxil olduğu bildirilib. Qeyd olunub ki, bura əməliyyat xərcləri daxil deyil və sözügedən rəqəmlər artıq departamentin 2026-cı il üçün nəzərdə tutulan 1 trilyon dollardan çox olan büdcəsində nəzərə alınıb.
Hesabatda vurğulanır ki, Müdafiə Nazirliyi xərclərin əsas hissəsini öz üzərinə götürsə də, bu hərbi gərginlik Daxili Təhlükəsizlik Nazirliyi və Veteranlar İşləri Nazirliyi kimi digər qurumlara da təsir edib və onlara təxminən 1 milyard dollar əlavə yük yaradıb.
Xatırladaq ki, cari ilin may ayında Pentaqon Senatın Silahlı Qüvvələr Komitəsinə müharibənin artıq 29 milyard dollara başa gəldiyini, bura zəruri təmir, avadanlıqların yenilənməsi və ümumi əməliyyat xərclərinin daxil olduğunu bildirmişdi.
Bu proseslərin fonunda ABŞ-də benzinin qiyməti orta hesabla qallon üçün 3 dollardan az olan səviyyədən 4 dollardan çox həddə yüksəlib. Əmək Statistikası Bürosunun son məlumatlarına görə, məhz enerji qiymətlərinin artması səbəbindən ABŞ-də illik inflyasiya son üç ildə ilk dəfə olaraq 4%-i keçib.