"Politico" nəşri etibarlı mənbələrə istinadən xəbər verir ki, Fransa rəhbərliyi Avropa İttifaqı (Aİ) üzvü olan 19 dövlətin imzaladığı və ittifaqa daxil olmayan üçüncü ölkələrdə miqrant qəbul mərkəzlərinin yaradılmasını tələb edən birgə məktubdan ciddi şəkildə təəccüblənib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nəşrin dərc etdiyi analitik məqalədə məlumat verilib.
Məqalədə deyilir ki, Fransa prezidenti Emmanuel Makronun bu ideyanı kəskin tənqid etməsi Aİ daxilində yeni bir gərginlik dalğası yaradıb. Bu bəyanat miqrantların deportasiyası və ittifaqdan kənarda qurulacaq saxlama mərkəzlərinin (qəbul hublarının) yüksək xərclərini hansı tərəfin ödəməli olduğu ilə bağlı üzv ölkələr arasında ciddi qarşıdurmalara və müzakirələrə yol açıb.
Məlumata görə, adının açıqlanmasını istəməyən iki Aİ diplomatı bildirib ki, rəsmi Paris bu sənədin mövcudluğundan və onun dərhal 19 ölkə tərəfindən dəstəklənməsindən hazırlıqsız yaxalanıb.
Bildirilib ki, məktubun son abzasında bu növ mərkəzlərin yaradılması təşəbbüslərini maliyyələşdirmək üçün birbaşa Aİ büdcəsinə çağırış edilir. "Politico" xüsusi olaraq qeyd edir ki, miqrasiya siyasətində fərqli xətt yürüdən Emmanuel Makronun rəsmi Parisin büdcəsinə də təsir edəcək bu cür ortaq maliyyə proqramını dəstəkləməsi ehtimalı olduqca azdır.