İsrail Müdafiə Ordusu, Livanın cənubunda yerləşən radikal "Hizbullah" qruplaşmasının hərbi infrastrukturuna qarşı quru əməliyyatlarını genişləndirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ordunun mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu fəaliyyətlər ön xətdə müdafiə mövqelərinin möhkəmləndirilməsinə yönəlib.
Rəsmi məlumata görə, İsrail ordusu Livanın cənub bölgəsində qruplaşmanın 100-dən çox üzvünü öldürüb. Əməliyyatlar çərçivəsində "Hizbullah"ın onlarla infrastruktur obyekti sıradan çıxarılıb və yüzlərlə müxtəlif növ silah aşkar edilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
"Hizbullah" İsraili raketlər və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İranın tərəfində müharibəyə qoşulduqdan sonra, İsrail ordusu radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Livanın cənubuna və Beyrutun cənub ətraflarına zərbələr endirib və endirməkdə davam edir. İsrail, həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.