İsveç Ukraynaya hərbi yardım çərçivəsində 16 ədəd Gripen C/D qırıcı təyyarəsi təhvil verəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, eyni zamanda 16 ədəd yeni nəsil Gripen E qırıcısının tədarükü ilə bağlı ayrıca müqavilə imzalayıb.
Məsələ ilə bağlı İsveçin Baş naziri Ulf Kristersson Ankarada keçirilən NATO sammiti ərəfəsində də açıqlama verib.
Baş nazir bildirib ki, Ukrayna yeni nəsil Gripen E qırıcılarını satın alır və bununla bağlı 16 təyyarənin alınmasına dair müqavilə imzalanıb.
Onun sözlərinə görə, İsveç eyni zamanda hərbi yardım çərçivəsində istifadədə olmuş 16 ədəd Gripen C/D qırıcısını Ukraynaya bağışlayacaq.
"Beləliklə, ümumilikdə Ukraynaya 32 qırıcı təyyarə təhvil veriləcək", – deyə Kristersson vurğulayıb.
İsveçin Baş naziri qeyd edib ki, Ukraynaya dəstəyin davam etdirilməsi ölkəsinin əsas prioritetidir.
Onun sözlərinə görə, Ukrayna hazırda Qərbin yardımı sayəsində mübarizəni davam etdirə bilir və bu səbəbdən digər ölkələrin də Kiyevə dəstəyini artırması vacibdir.
Bundan əvvəl İsveçin Saab şirkəti iyunun 30-da İsveç Müdafiə Materialları Administrasiyası (FMV) ilə Ukraynaya 16 ədəd Gripen E qırıcısının tədarükünə dair müqavilə imzaladığını açıqlayıb.
Təxminən 24,6 milyard İsveç kronu (2,54 milyard ABŞ dolları) dəyərində olan sifarişin 2026-cı ilin üçüncü rübündə rəsmiləşdirilməsi planlaşdırılır. Təyyarələrin 2029–2030-cu illərdə təhvil verilməsi nəzərdə tutulur.
Daha əvvəl verilən məlumata görə, İsveç Gripen C/D qırıcılarını Ukraynaya 2027-ci ilin əvvəlində təhvil verəcək.