AnewZ-nin məlumatına görə, ABŞ ordusu noyabrın 25-i, çərşənbə günü Ayova ştatında tərkibində qurğuşun olan 68 köhnəlmiş partlayıcı çəlləyi partlatmağı planlaşdırır. Federal apellyasiya məhkəməsinin əməliyyatı dayandıran qərarına baxmayaraq nəzərdə tutulan partlayış yaxınlıqdakı icmalarda zəhərli qurğuşun çirklənməsi ilə bağlı narahatlıq yaradıb.
Sakinlər, fermerlər və ətraf mühit təşkilatları zəhərli qurğuşun tozunun yaxınlıqdakı yaşayış məntəqələrinə yayıla biləcəyindən ehtiyat edirlər.
Ətraf mühit təşkilatlarının iddiasından sonra ABŞ-ın 8-ci Dairə üzrə Apellyasiya Məhkəməsi cümə axşamı əməliyyatı müvəqqəti dayandırıb və ordunun ekoloji icazəsini qüvvədən salıb. Lakin Ədliyyə Nazirliyi şənbə günü məhkəməyə təqdim etdiyi sənəddə ordunun partlayışı keçirəcəyini bildirib. Nazirlik sursat və partlayıcılarla bağlı federal ekoloji qanunlarda nəzərdə tutulan fövqəladə hal istisnasına istinad edib.
Ordu nəzarətsiz partlayış riskinə diqqət çəkir
Federal rəsmilərin xəbərdarlığına görə, havanın soyuması hərbi sursatlarda istifadə olunan partlayıcı birləşmə — köhnəlmiş qurğuşun azidi — daha da qeyri-sabit edə və nəzarətsiz partlayış riskini artıra bilər.
Ədliyyə Nazirliyi məhkəməyə təqdim etdiyi sənəddə bildirib: “Ordu ictimaiyyəti nəzarətsiz partlayışın daha ciddi təhlükəsindən qorumaq üçün nəzarətli partlayış keçirməlidir”.
Ordu Middletown şəhəri yaxınlığında yaşayan sakinlərin və fermerlərin etirazlarından sonra əməliyyatı daha əvvəl təxirə salmışdı.
Ədliyyə Nazirliyi əvvəlcə partlayışın noyabrın 24-dək keçiriləcəyini bildirsə də, ordu daha sonra tarixi noyabrın 25-i olaraq müəyyənləşdirib.
Ordu “X” sosial şəbəkəsində paylaşımında yeni qrafikin əlverişli hava şəraitinə və əlavə təhlükəsizlik tədbirlərinə imkan yaradacağını bildirib. Qurumun açıqlamasında qeyd olunub ki, Ayova Ordusu Sursat Zavodunda nəzarətli partlayış 2026-cı il noyabrın 25-də, optimal hava şəraiti və bütün riskazaltma tədbirlərinin görülməsi üçün planlaşdırılıb. Ordu və qurumlararası tərəfdaşlarının bölgədəki amerikalıların təhlükəsizliyini təmin etmək üçün gecə-gündüz çalışdığı, vəziyyətlə bağlı əlavə məlumatın veriləcəyi bildirilib. Ordunun açıqlamasında bütün amerikalıların sağlamlığı və təhlükəsizliyinin həmişə əsas prioritet olduğu vurğulanıb.
Ekoloqlar qurğuşun tozunun yayılmasından ehtiyat edir
Ayova Ətraf Mühit Şurası və “Sierra Club”ın Ayova bölməsi partlayışa qarşı məhkəməyə müraciət edərək, onun zəhərli qurğuşun tozundan ibarət buludun havaya yayılmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Təşkilatların bildirdiyinə görə, hava şəraitindən asılı olaraq toz buludu partlayış yerindən 160 kilometrədək şimala yayıla bilər.
Qurğuşunun təsiri, xüsusilə uşaqlarda, beyin və sinir sisteminin zədələnməsi də daxil olmaqla ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Ayova Ətraf Mühit Şurasının siyasət və proqramlar üzrə baş direktoru Kerri Yohannsen federal qurumları təhlükə ehtimalı olan şəxslərə kifayət qədər məlumat verməməkdə tənqid edib.
Onun sözlərinə görə, sakinlərə və ştat rəsmilərinə çox az vaxt əvvəl xəbərdarlıq edilib; partlayışın vaxtı, toz buludunun hansı istiqamətə hərəkət edə biləcəyi və insanların hansı tədbirləri görməli olduğu barədə vacib suallar cavabsız qalıb.
Yohannsen “Reuters”ə deyib: “Kifayət qədər məlumat paylaşılmırdı”.
Fermerlərə və sakinlərə ehtiyat tədbirləri tövsiyə olunub
Ayova Kənd Təsərrüfatı və Torpaq İdarəetməsi Departamenti ərazinin yaxınlığındakı maldarlara heyvanları, yemləri və avadanlıqları qapalı yerlərə və ya daha təhlükəsiz məkanlara köçürməyi tövsiyə edib. Bəzi fermerlər isə heyvanları qapalı yerə aparmağın praktik olmadığını deyirlər.
Ordu sakinlərə partlayış zamanı ərazidən uzaq durmağı tövsiyə edib. Ərazini tərk edə bilməyənlərə evdə qalmaq, pəncərə və qapıları bağlamaq, çöldən hava gətirən havalandırma sistemlərini söndürmək məsləhət görülüb.
Təsir riski aradan qalxdıqdan sonra sakinlərə uşaqların toxuna biləcəyi səthləri qurğuşun tozunu təmizləmək üçün nəm üsulla silmək tövsiyə olunub.
Ordu katibinin səlahiyyətlərini icra edən Adam Tellinin sözlərinə görə, ordu və ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi nəzarətli partlayışın ictimai təhlükəsizlik üçün ən aşağı risk yaratdığı qənaətinə gəlib. Ətraf mühit fəalları isə görüləcək tədbirlərin yaxınlıqdakı icmaları yetərincə qoruyacağına əmin deyillər.
Yerli sakinlər mümkün nəticələrdən narahatdır
Planlaşdırılan partlayış yerli sakinlər arasında da narahatlıq yaradıb.
Ayova ştatının Auqusta şəhərində yaşayan Ceremi Atvoter zəhərli toz buludunun yaşadığı əraziyə, cənuba doğru hərəkət edə biləcəyindən ehtiyatlanaraq qərbə getməyi planlaşdırdığını deyib.
Atvoter “Reuters”ə bildirib: “Bombadan başqa nə istəsəniz. Bu, böyük problemə çevriləcək”.
Ordu əlavə məlumat yayacağına söz versə də, partlayışın dəqiq vaxtı, mümkün ekoloji nəticələri və təhlükəsizlik tədbirlərinin yetərli olub-olmayacağı ilə bağlı qeyri-müəyyənlik qalır.
Hələlik partlayış noyabrın 25-i, çərşənbə günü üçün nəzərdə tutulub. Məhkəmə mübahisəsi həll olunmayıb, yaxınlıqdakı icmalar isə partlayışa hazırlaşır.