AnewZ-in məlumatına görə, İndoneziyada şirniyyat fabrikində baş verən yanğında azı 24 nəfər həlak olub. Səlahiyyətlilər bazar ertəsi xilasedicilərin dağıntılar altında qalan təxminən 30 nəfəri axtardığını təsdiqləyib.
Yanğın şənbə axşamı Cakartadan avtomobillə təxminən bir saatlıq məsafədə, Banten əyalətinin Cikande bölgəsində yerləşən “PT Fonusa Agung Mulia” fabrikində başlayıb.
Əmək məsələləri üzrə prezident müşaviri Said İqbal ölənlərin sayı barədə məlumat verib. Hakimiyyət orqanları yanğının səbəbini və iş yerində təhlükəsizlik qaydalarına əməl edilib-edilmədiyini araşdırır.
Axtarış-xilasetmə işləri davam edir
İlkin araşdırmaya əsasən, yanğına kondisioner qurğusundakı qısaqapanma səbəb olmuş ola bilər. Bununla belə, yanğının dəqiq səbəbi hələ təsdiqlənməyib.
Xilasedicilər bazar ertəsi dağıntılar arasında axtarış aparıblar. Ərazidə hələ də közərən sahələr və uçmaq təhlükəsi olan qeyri-sabit tikililər işləri çətinləşdirib.
Banten əyalətinin axtarış-xilasetmə qurumunun rəhbəri Əl Əmrəd bildirib ki, 29 nəfərin sağ olduğu təsdiqlənib, onlardan beşi xəstəxanaya aparılıb.
Onun sözlərinə görə, xilasedicilər insan qalıqlarının olduğu 24 cəsəd torbası aşkarlayıblar. Hadisə yerindəki səlahiyyətlilər isə ölənlərin dəqiq sayını dərhal təsdiqləyə bilməyib.
Polis rəsmisi Vahu Hidayati bildirib ki, yanğın qurbanların cəsədlərini tanınmaz hala salıb və onları vizual olaraq müəyyənləşdirmək mümkün olmayıb. Qurbanların şəxsiyyətini müəyyən etmək üçün yaxınlarından DNT nümunələri götürülməyə başlanıb. Bu prosesin bir neçə həftə çəkməsi gözlənilir.
Fabrikdə təhlükəsizlik qaydaları araşdırılır
Fabrik “Milkita” şirniyyatları və “Lemonilo” hazır əriştələri daxil olmaqla məhsul markalarının istehsalçısı olan İndoneziyanın iri istehlak malları şirkəti “United Family Food”a məxsusdur.
Şirkətin baş icraçı direktoru Stiven Ervin Viyaya daha əvvəl şənbə növbəsi zamanı fabrik kompleksində təxminən 300 nəfərin olduğunu bildirib.
İqbal araşdırma çərçivəsində iş yerində təhlükəsizlik standartlarına əməl edilib-edilmədiyini yoxlamaq üçün Viyayaya çağırış göndərməyi planlaşdırdığını deyib.
“United Family Food” şərh sorğusuna hələ cavab verməyib. Şirkətin əməliyyatlarında təxminən 5 000 nəfər çalışır və onun xaricdə dörd ofisi var.
Yanğının səbəbini müəyyənləşdirmək üçün araşdırma davam etdiyi bir vaxtda itkin işçilərin axtarışı da sürür.