NATO-nun üzvlərini müdafiə öhdəliyi kosmosa da şamil olunur. Alyansın baş katibi Mark Rutte bunu bazar ertəsi Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında, Rusiyanın yaxın həftələrdə nüvə silahı daşıyan peyk buraxa biləcəyi barədə məlumatlardan sonra deyib. AnewZ-nin məlumatına görə, NATO çəkindirmə və müdafiə imkanlarını davamlı olaraq nəzərdən keçirir.
“Sizi əmin edə bilərəm ki, NATO ərazisinin hər qarışını müdafiə edəcəyik. Buraya kosmos sahəsində təhlükəsizliyimizin təmin olunması da daxildir”, – Rutte bildirib.
Onun sözlərinə görə, qiymətləndirmələr ABŞ və Kanadadan Avropayadək bütün alyansı əhatə edir. Rutte Arktikada Rusiya və Çinin təsirinə qarşı birgə səyləri də vurğulayıb və Almaniya mediasında Rusiyanın kosmosdakı mümkün fəaliyyəti ilə bağlı yayılan xəbərlərə toxunub.
Merts xəbərləri narahatedici adlandırıb
Merts məlumatların tamamilə yeni olmadığını, lakin bunun onları heç də az narahatedici etmədiyini deyib. O, xəbərlərin Rusiyanın hansı səviyyədə eskalasiyaya hazır olduğunu göstərdiyini bildirib və Polşanın şərq sərhədi boyunca baş verən dron insidentlərini təhlükənin başqa bir göstəricisi kimi qeyd edib. Kansler Avropa İttifaqı və NATO-nun xarici sərhədlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Merts Rusiyanın raketlərinin Polşa ərazisinə keçməsindən sonra Moskvanı “təhlükəli təxribatları” dərhal dayandırmağa çağırıb və Almaniyanın Varşavaya tam dəstəyini bəyan edib. Avropa liderlərinin son hadisələri bu həftənin sonunda Brüsseldə keçiriləcək görüşdə müzakirə edəcəyi gözlənilir.
Sputnik-S peykinin buraxılışa hazır olduğu bildirilir
Bazar ertəsi Almaniyanın NDR və WDR ictimai yayımçıları, eləcə də “Süddeutsche Zeitung” qəzeti ölkənin xarici kəşfiyyat qurumu BND və onun Qərb tərəfdaşlarının Rusiyanın nüvə silahı daşıya bilən “Sputnik-S” adlı peyki ilin sonunadək buraxa biləcəyi barədə xəbərdarlıq etdiyini yazıb.
Təhlükəsizlik mənbələrinə istinad edən nəşrlərin məlumatına görə, peyk tam yığılıb və Moskva yaxınlığında saxlanılır. Noyabrın əvvəlində yayılan kəşfiyyat qiymətləndirmələrində onun 60 gün ərzində buraxıla biləcəyi bildirilib.
Almaniya Silahlı Qüvvələri son həftələrdə müdafiə naziri Boris Pistorius da daxil olmaqla, yüksək vəzifəli şəxsləri məlumatlandırıb. Nəşrlərin yazdığına görə, alman hərbi rəsmiləri peykin dekabrda buraxılmasını mümkün hesab edirlər.
Aşağı Yer orbitində nüvə partlayışı baş verərsə, təsirə məruz qalan ərazidəki peyklər bir neçə ay ərzində sıradan çıxa bilər. Bu, qlobal naviqasiya, telekommunikasiya və hava proqnozlaşdırılması xidmətlərində genişmiqyaslı pozuntulara səbəb ola bilər.
Rusiyanın da tərəf olduğu 1967-ci il Kosmos Müqaviləsi nüvə silahlarının orbitə yerləşdirilməsini qadağan edir.
Rusiyanın Berlindəki səfirliyi belə planlardan xəbərdar olmadığını bildirib. Səfirlik Rusiya Federasiyasının kosmik fəaliyyəti ilə bağlı “bütün əsassız iddiaları” “təbliğat kampaniyasının bir hissəsi” adlandıraraq rədd edib.
Səfirliyin bəyanatında Rusiyanın kosmik fəaliyyətinin “beynəlxalq öhdəliklərə uyğun” həyata keçirildiyi və “yalnız dinc məqsədlərə” xidmət etdiyi vurğulanıb.