İstanbul valisi Davut Gül Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Mərkəzi Qərargahında keçirdiyi mətbuat konfransında meqapolisdə tüğyan edən kütləvi leysan yağışlarının ağır fəsadları barədə rəsmi açıqlama verib. Vali bildirib ki, Türkiyə Meteorologiya Baş İdarəsinin 1942-ci ildən bəri apardığı müşahidələr tarixində İstanbulda rekord göstərici — kvadratmetrə 261 kiloqram yağıntı qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbii fəlakət nəticəsində 2 nəfər həlak olub. Tibb müəssisələrində müalicəsi davam etdirilən 3 nəfərin vəziyyətinin stabil olduğu və hayati təhlükələrinin bulunmadığı diqqətə çatdırılıb.
Fəlakət zonasında AFAD, İstanbul Böyükşəhər Bələdiyyəsi, 1-ci Ordu Komandanlığı, Polis İdarəsi, Jandarma, Sahil Mühafizəsi və Türkiyə Qızıl Aypara Cəmiyyətinin ümumilikdə 46 597 nəfərlik şəxsi heyəti mobilizasiya olunub. Əməliyyatlar zamanı 2 722 sakin qayıqlar və xüsusi nəqliyyat vasitələri ilə təhlükəsiz zonalara təxliyə edilib, evsiz qalan vətəndaşlar otel və sosial obyektlərdə yerləşdirilib.
Əlverişsiz hava şəraiti aviasiya və nəqliyyat sisteminə də ciddi təsir göstərib. İstanbul Hava Limanında 51 reys başqa aeroportlara yönləndirilib, 19 reys isə ləğv olunub. Hazırda şəhər üzrə 16 ikincil yol nəqliyyatın hərəkəti üçün qapalı qalır.
Şəhər valisinin qərarı ilə İstanbuldakı bütün dövlət və özəl orta təhsil müəssisələrində tədris prosesi daha bir gün dayandırılıb. Binalarda elektrik sızması və fəsadların aradan qaldırılması üçün kompleks yoxlamalar aparılır. Təhdidlərin aradan qaldırılması ilə tədrisin bazar ertəsindən bərpası nəzərdə tutulur.
Həmçinin hamilə, əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan dövlət qulluqçularının inzibati məzuniyyəti uzadılıb. Motosikletlərin yol hərəkətinə qoyulan qadağa da qüvvədə saxlanılıb.
Vali Davut Gül torpağın suya tam doyduğunu və yaxın günlərdə yağışların davam edəcəyini vurğulayaraq sakinlərə zərurət olmadıqca küçəyə çıxmamağı tövsiyə edib. Zərərin qiymətləndirilməsi üzrə komissiyaların işini bazar ertəsinədək yekunlaşdıracağı və dəymiş ziyanın ödənilməsi qaydasının elan olunacağı bildirilib.