İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən gecə saatlarında Livanın cənub və şərq bölgələrinə həyata keçirilən hava zərbələrinin əsas hədəfi Hizbullah terror təşkilatının strateji obyektləri və yüksək rütbəli komandirləri olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı IDF yayıb.
Ordunun açıqlamasına əsasən, Cənubi Livan və Bekaa vadisinin bir neçə bölgəsindəki əməliyyat zamanı raket buraxılış sistemləri, silah anbarları və qruplaşmaya aid hərbi infrastrukturlar dəqiqliklə vurulub.
IDF həmçinin cənubdakı Majdal Səlim şəhərində Hizbullahın elit Radvan qüvvələrinin bir neçə komandirini hədəf aldığını və həmin bölməyə aid iki binanı məhv etdiyini təsdiqləyib.
Məlumata görə, zərərsizləşdirilən Radvan komandirləri son vaxtlar İsrail hərbçilərinə və mülki əhalisinə qarşı terror hücumlarını planlaşdırmaq və həyata keçirmək üzərində fəaliyyət göstərirdilər.