Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb - FOTOLAR

3 dəq
Paylaş:
İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb - FOTOLAR

26-28 yanvar tarixlərində İspaniyanın Madrid şəhərində Madrid Qidalar Qovşağı Konqresində (“Madrid Fusion 2026”) Azərbaycanın imkanları tanıdılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə ölkəmizin qastroturizm imkanlarının tanıdılması məqsədilə milli qastronomiya stendində milli mətbəx nümunələri, o cümlədən Slou Fud “Dad gəmisi” siyahısına müvafiq biomüxtəliflik nümunələri, milli qənnadı məmulatları və quru meyvələr nümayiş etdirilib və ziyarətçilərə təqdim olunub.

Milli mətbəx nümunələrinin təqdim olunduğu 2 ustad dərsi təşkil olunub, Azərbaycanın qastroturizm imkanlarını təşviq edən videoçarxlar nümayiş olunub və milli mətbəx nümunələrinin dequstasiyası keçirilib.

stendini Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, BMT Turizm təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov ziyarət edərək nümatiş etdirilən məhsullarla tanış olub.

Həmçinin milli qastronomiya stendini “elBulli” fondunun direktoru, 3 ulduz “Michelin” ulduzlu usta aşpaz Ferran Adrian ziyarət edib.

Konqres çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova ilə beynəlxalq qastronomik təsnifat olan “La Liste” təşkilatının beynəlxalq direktoru Stefani Kim arasında görüş keçirilib. Görüşdə beynəlxalq restoran təsnifat qurumu kimi “La Liste” ilə , Azərbaycanın qastronomiya məhsullarının beynəlxalq miqyasda tanınması məsələləri müzakirə edilib.

Bundan əlavə, “Madrid Fusion”un qurucusu, İspaniyada fəaliyyət göstərən “Gastroactitud” rəqəmsal qastronomiya jurnalının təsisçisi Jose Carlos Capel ilə gələcək əməkdaşlıq perspektivləri, Azərbaycanın qastronomiya və kulinariya irsinin “Gastroactitud” və digər beynəlxalq platformalarda təqdimatının təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.

Qastronomiya üzrə eskpertlər, İspaniya Aşpazlar və Şirniyyatçılar Federasiyası (FACYRE) və İspaniya Qonaqpərvərlik Biznesləri Konfederasiyasının (HOSTELERÍA DE ESPAÑA) nümayəndələri ilə görüşlərdə bir sıra məsələlər, o cümlədən müvafiq təşkilatlarla əməkdaşlıq, Azərbaycana məxsus məhsullar, zəfəranının unikallığı, zəfəran yığımı marşrutlarının yaradılması təklifləri və digər mövzular müzakirə edilib.

Beynəlxalq qastronomiya üzrə nüfuzlu tədbirlərdən biri kimi “Madrid Fusion” hər il keçirilərək dünyanın müxtəlif ölkələrindən qida brendləri, turizm şirkətləri, dövlət qurumları, “Michelin” ulduzlu aşpazlar, restoran sahibləri, tədqiqatçılar və media nümayəndələrini bir araya gətirən strateji əməkdaşlıq və tanıtım platforması kimi çıxış edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Turizm

Hamısına bax