İran Silahlı Qüvvələri Bəhreyndə yerləşən "Sheikh Isa Air Base" hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirdiyini bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran tərəfi açıqlama yayıb.
Məlumata görə, Tehran həyata keçirilən əməliyyatın məqsədinin ABŞ qüvvələrinin cəmləşdiyi hərbi mövqeləri hədəfə almaq olduğunu bildirib.
İran tərəfi qeyd edib ki, sözügedən zərbələr ABŞ-nin İranın cənub bölgələrində yerləşən hərbi və mülki obyektlərə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq təşkil olunub.
Rəsmi Tehran bu addımı ölkənin təhlükəsizliyini qorumaq məqsədi daşıyan cavab tədbiri kimi qiymətləndirib.
Hadisənin regionda gərginliyi daha da artıracağı ehtimal olunur. Bəhreyn hökuməti və ABŞ rəsmiləri isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Yaxın Şərqdə artan hərbi fəallıq beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.