İran Hörmüz boğazında iki gəmini saxlayıb
"Operativ Məlumat Mərkəzi-OMM" “Tasnim” agentliyinə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında icazəsiz keçidə cəhd edən iki gəmini saxlayıb.
Bildirilib ki, İran hərbi rəsmiləri Hörmüz boğazında asayişin və təhlükəsizliyin pozulmasının Tehran üçün “qırmızı xətt” olduğunu vurğulayıb.
Məlumata görə, SEPAH Hərbi Dəniz Qüvvələri naviqasiya təhlükəsizliyini təhlükəyə atdığı iddia edilən “MSC-FRANCESCA” və “EPAMINODES” adlı iki gəmini saxlayaraq İran sahillərinə müşayiət edib.
Qeyd olunub ki, İran ordusu Hörmüz boğazında təhlükəsizliyin pozulmasını qəbul edilməz hesab edir və bu istiqamətdə sərt mövqe sərgiləyir.
Xatırladılıb ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl Oman körfəzində İran ticarət gəmisinin ələ keçirilməsi barədə məlumat yaymışdı. İran Xarici İşlər Nazirliyi isə bunu hücum və atəşkəsin pozulması kimi qiymətləndirmişdi.