5 mart günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Zərbələr əsasən Naxçıvan hava limanını hədəf alıb.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə danışan hərbi ekspert Ədalət Verdiyev bu hücumları xain və riyakar bir addım adlandırıb:
“Azərbaycan heç bir zaman İrana qarşı ərazisindən istifadə etməyib və münaqişələrin həllində daim diplomatik yolla maraqlı olub. Lakin Molla rejimi öz son günlərini yaşayır və əlindən gəldiyi qədər münaqişənin miqyasını genişləndirməyə çalışır. Naxçıvan hava limanının vurulması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni kəsmək məqsədi daşıyır. Əvvəllər belə addımlar Ermənistandan da müşahidə olunub, indi isə İran bunu həyata keçirir. Tam xain və ləyaqətsiz bir addımdır.”
"Biz bu məsələyə görə İrandan təcili, məntiqli və ağlabatan açıqlama gözləyirik. Əks halda, həm Azərbaycan, həm dünən ərazisinə zərbə endirilən Türkiyə, həm də digər müttəfiqlərimizlə məsələ geniş şəkildə müzakirə olunacaq və ən uyğun cavab tədbiri görüləcək. İran bu xain addımlardan itkisiz çıxmayacaq",- deyə ekspert əlavə edib.
Ekspert qeyd edib ki, bu hücumlar Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasındakı strateji əlaqəni hədəfə almaq məqsədi daşıyır və bölgədəki təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir.