5 mart günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Zərbələr əsasən Naxçıvan hava limanını hədəf alıb.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Azərbaycan dövləti və xalqı belə bir addımı İrandan gözləmirdi.
Onun sözlərinə görə, Azərbaycan uzun illərdir ki, İranın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşdığını açıq şəkildə bəyan edib. Bu mövqe həm dövlət rəhbərliyi, həm də digər rəsmi şəxslər səviyyəsində dəfələrlə ifadə olunub.
Xəyal Bəşirov vurğulayıb ki, Azərbaycanın bütün münaqişələrə yanaşması beynəlxalq hüququn prinsiplərinə əsaslanır. O qeyd edib ki, əgər Azərbaycanın İrana qarşı baş verən proseslərdə zərrə qədər iştirakı olsaydı, Bakı belə bir hücumu əvvəlcədən gözləyər və lazımi təhlükəsizlik tədbirlərini görərdi.
Onun sözlərinə görə, əgər hücum gözlənilən olsaydı, Azərbaycanın sərhədçiləri, silahlı qüvvələri və hava hücumundan müdafiə sistemləri həmin dronları vaxtında zərərsizləşdirə bilərdi.
“Bu fakt göstərir ki, Azərbaycan belə bir hücumu gözləmirdi. Çünki Azərbaycanın mövqeyi hər zaman aydın olub”, – deyə o bildirib.
Xəyal Bəşirov əlavə edib ki, Azərbaycan ötən il baş verən 12 günlük müharibə zamanı da açıq şəkildə bəyan etmişdi ki, ölkə ərazisindən İrana qarşı heç bir qüvvənin istifadə etməsinə icazə verilməyib və bundan sonra da verilməyəcək.
Sədr qeyd edib ki, hazırkı qarşıdurma zamanı da Azərbaycan eyni mövqeyi nümayiş etdirərək bəyan edib ki, ölkə ərazisi heç vaxt İrana qarşı istifadə edilə bilməz.
Onun fikrincə, buna baxmayaraq Naxçıvan istiqamətində atılan addım İranın Azərbaycana qarşı “arxadan vurduğu zərbə” kimi qiymətləndirilə bilər.
Xəyal Bəşirov hesab edir ki, həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi tərəfindən irəli sürülən haqlı tələblərə uyğun olaraq İran tərəfi qısa müddətdə rəsmi mövqe bildirməli və hücumun məqsədi barədə izahat verməlidir:
“Yalnız əsaslandırılmış sübutlar təqdim edildiyi və hadisənin kimlər tərəfindən törədildiyi barədə ətraflı açıqlama verildiyi halda məsələyə aydınlıq gətirilə bilər”.
Onun sözlərinə görə, mülki insanların istifadə etdiyi hava limanına və məktəb yaxınlığına hücum edilməsi beynəlxalq hüququn prinsiplərinə və dövlətlərarası münasibətlərə ziddir.
Xəyal Bəşirov qeyd edib ki, Azərbaycan bundan əvvəl də İranın bəzi addımları ilə bağlı narahatlığını ifadə edib. O xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl və sonra Azərbaycanın tam nəzarətində olmayan ərazilərə İran tərəfindən yük maşınlarının göndərilməsi və qondarma rejimə müəyyən dəstəklərin göstərilməsi ilə bağlı Bakı öz mövqeyini bildirmişdi.
Bununla belə sədr bildirib ki, son dövrlər iki ölkə arasında münasibətlərdə müsbət dinamika müşahidə olunurdu. İran Prezidentinin Azərbaycana bir neçə dəfə səfər etməsi və verdiyi bəyanatlar Bakıda münasibətlərə dair müsbət gözləntilər yaratmışdı.
Onun sözlərinə görə, hazırkı hadisə bu münasibətlərə ciddi zərbə vura bilər.
Xəyal Bəşirov vurğulayıb ki, Azərbaycan tərəfi artıq rəsmi kanallar vasitəsilə İrana nota təqdim edib və hadisə ilə bağlı izahat tələb edib:
“Əgər bu kimi hadisələr davam edərsə, Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün lazımi və adekvat addımlar atacaq”.