İran ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonun Tehranla dialoqda təzyiq siyasətinin nəticə vermədiyini anlamalı olduğunu bildirib. Nazir “X” sosial şəbəkəsindəki paylaşımında diplomatiyanın yenidən düzgün məcraya yönəldilməsinin mümkün olduğunu qeyd edib.
Əraqçinin sözlərinə görə, bunun üçün ABŞ etimadı gücləndirməli, İranla hörmət əsasında davranmalı, ölkənin hüquqlarını tanımalı və üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.
İranlı nazir Vaşinqtonun bu addımları atacağı təqdirdə diplomatik təmasların yenidən bərpa olunmasının mümkün olduğunu vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla danışıqlar aparmaq niyyətində olmadıqlarını açıqlamışdı. Tramp Ağ Evdə jurnalistlərə “Biz görüşməyi və ya buna bənzər hər hansı bir addım atmağı planlaşdırmırıq” deyərək, hazırkı gərginlik fonunda Tehranla dialoqa maraqlı olmadığını bildirib.