İranın Xəzər dənizində baş verən hücuma cavab olaraq Ukraynanın liman şəhərlərindən birinə zərbə endirmək imkanını müzakirə etdiyi iddia olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “New York Times” qəzetinin iranlı və qərbli rəsmilərə istinadən yaydığı məlumata görə, iyulun 25-də İranla əlaqəli gəminin Ukrayna tərəfindən hədəfə alınması Tehranın sərt reaksiyasına səbəb olub.
Bildirilib ki, İran rəhbərliyi mümkün cavab tədbiri kimi Ukrayna ərazisinə məhdud raket zərbəsi endirmək variantını nəzərdən keçirib. Mənbələrin iddiasına görə, məqsəd genişmiqyaslı dağıntı yaratmaq deyil, Ukraynaya "simvolik mesaj" göndərmək olub.
Məlumata əsasən, Tehran nisbətən kiçik döyüş başlığına malik ballistik raketdən istifadə etməklə məhdud əməliyyat keçirməyi planlaşdırıb. Lakin diplomatik təmaslar və beynəlxalq təzyiqlər nəticəsində vəziyyətin hazırda nisbətən sakitləşdiyi qeyd olunur.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) daha əvvəl Xəzər dənizində Rusiyaya məxsus neft platformasına və İran-Rusiya hərbi yük daşımalarında istifadə edildiyi bildirilən gəmilərə pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini təsdiqləmişdi.
Hadisədən sonra İranın xarici işlər naziri Abbas Əraqçi hücumu pisləyərək, bunun cavabsız qalmayacağını bildirib. Ukraynanın xarici işlər naziri Andrii Sibiha isə İranın təhdidlərini əsassız adlandıraraq, Tehranın Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etdiyini iddia edib.