İran ABŞ ilə mümkün razılaşmaya nail olmaq və regionda gərginliyi azaltmaq üçün nüvə proqramını məhdudlaşdırmağa və ya tamamilə dayandırmağa hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Tehran nüvə proqramının icrasını dayandırmaq və ya dondurmaq variantını nəzərdən keçirir ki, bu da İran üçün ciddi güzəşt hesab olunur. Bununla belə, İran tərəfi problemin daha çox ABŞ-nin da iştirak edəcəyi regional nüvə enerjisi istehsalı konsorsiumunun yaradılması yolu ilə həllində maraqlıdır.
NYT qeyd edir ki, ABŞ və İran rəsmilərinin təsdiqinə əsasən, İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff fevralın 6-da İstanbulda keçirilməsi planlaşdırılan nüvə danışıqları ərəfəsində birbaşa yazışma yolu ilə əlaqə saxlayırlar.
Məlumata görə, Türkiyədə keçiriləcək görüşdə ABŞ prezidentinin kürəkəni və sahibkar Cared Kuşner, eləcə də Türkiyə, Qətər və Misirdən yüksək vəzifəli rəsmilər də iştirak edəcək.
Xatırladaq ki, yanvarın 26-da ABŞ prezidenti Donald Tramp Amerika Hərbi-Dəniz Qüvvələrinə məxsus “nəhəng armadanın” İran istiqamətinə göndərildiyini açıqlamışdı. O, Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” sazişə razılaşacağına ümid etdiyini bildirmişdi. Tramp eyni zamanda İran nümayəndələrinin ABŞ tərəfi ilə “ciddi danışıqlar” apardığını da vurğulamışdı.