İran və ABŞ arasında müharibə zamanı yaranan zərərlərin kompensasiya edilməsi istiqamətində danışıqlar aparılır. Bu məsələnin gələcək razılaşmanın əsas elementlərindən biri ola biləcəyi bildirilir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında qeyd edib ki, tərəflər müharibənin vurduğu ziyanın bərpası üçün Tehrana vəsait ayrılması mexanizmləri üzrə fikir mübadiləsi aparırlar. Bəqayinin sözlərinə görə, mövcud memorandumun bəndlərindən biri bərpa işləri üçün şəraitin yaradılmasıdır və bu çərçivədə müxtəlif variantlar, o cümlədən kompensasiya məbləğinin müəyyənləşdirilməsi müzakirə olunur.
Məsələ ilə bağlı digər detallar da diqqət çəkir:
- İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Burucerdi mayın 29-da açıqlayıb ki, ABŞ və İsraillə müharibə nəticəsində ölkə yüz milyardlarla dollar ziyan görüb.
- "Fars" agentliyinin məlumatına əsasən, müzakirə olunan variantlardan biri xaricdə dondurulmuş aktivlər hesabına Tehrana 12 milyard dolların dərhal ödənilməsini nəzərdə tutur.
Bildirilir ki, kompensasiya məsələsi həllini tapdıqdan sonra tərəflər dialoqun növbəti mərhələsinə keçə bilərlər.