İran və ABŞ arasında müharibə zamanı dəymiş ziyanın kompensasiyası ilə bağlı danışıqlar aparılır və bu məsələ yekun razılaşmanın tərkib hissəsinə çevrilə bilər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tərəflər müharibənin vurduğu zərərin aradan qaldırılması üçün Tehrana vəsait ayrılması mexanizmi ilə bağlı mesajlar mübadiləsi aparırlar.
"Memorandumun bəndlərindən biri müharibənin vurduğu ziyanın bərpası üçün lazımi şəraitin yaradılmasıdır. Bu baxımdan müxtəlif variantlar nəzərdən keçirilir. Danışıqlar zamanı müzakirə olunan mövzulardan biri də ziyana görə kompensasiya və bərpa işləri üçün müəyyən məbləğin ayrılmasıdır", - deyə Bəqayi bildirib.
Mayın 29-da İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Burucerdi ölkəsinin ABŞ və İsraillə müharibə nəticəsində yüz milyardlarla dollar həcmində itkiyə məruz qaldığını açıqlayıb. O qeyd edib ki, buna görə də kompensasiya məsələsi Tehran üçün əsas prioritetlərdən biridir.
"Fars" xəbər agentliyinin məlumatına görə, İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşmalardan biri Tehrana xaricdə dondurulmuş aktivlər hesabına 12 milyard dolların dərhal ödənilməsini nəzərdə tutur. Bildirilir ki, bundan sonra tərəflər əlavə dialoq mərhələsinə keçə bilərlər.