İyunun 30-da Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dördüncü Terrorla Mübarizə Konfransında İranın BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini Qulam Hüseyn Dərzi çıxış edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, diplomat İranın terrorizmlə mübarizə sahəsində regional və beynəlxalq səylərin ön cəbhəsində yer aldığını bildirib.
Qeyd olunub ki, Qulam Hüseyn Dərzi İranın “İŞİD” kimi terror qruplaşmalarının məğlub edilməsində mühüm rol oynadığını vurğulayıb və bu mübarizənin region ölkələri tərəfindən də dəstəkləndiyini qeyd edib.
Məlumata görə, çıxış zamanı o, “İŞİD”in məğlubiyyətinə baxmayaraq, qruplaşmanın yenidən dirçəlmə riskinin qaldığını diqqətə çatdırıb.
Bildirilib ki, İranlı diplomat xarici qüvvələrin, xüsusilə ABŞ-ın regiondakı mövcudluğunu tənqid edərək, bu müdaxilələrin terrorçu qruplaşmalar üçün şərait yaratdığını və beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu iddia edib.
Qeyd edilib ki, Dərzi İranın terrorla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərdən də danışıb, o cümlədən Tehranda keçirilən “AALCO” Regional Konfransını xatırladaraq bunun regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Məlumata əsasən, o, İranın terrorun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırdığını və müvafiq beynəlxalq konvensiyalara qoşulduğunu bildirib.
Sonda Qulam Hüseyn Dərzi BMT platformasında terrorla mübarizə proseslərində şəffaflığın və üzv dövlətlərlə sıx məsləhətləşmələrin vacibliyini qeyd edib, bu mexanizmlərin siyasi məqsədlər üçün istifadə olunmamasının beynəlxalq təhlükəsizlik üçün mühüm olduğunu vurğulayıb.