İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Omanda rəsmi səfərdə olublar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfər çərçivəsində tərəflər ikitərəfli əməkdaşlıq, mehriban qonşuluq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Məlumata görə, Omanın xarici işlər naziri Seyid Bədr bin Həməd əl-Busaidi ilə keçirilən görüşdə əsas diqqət Tehran və Vaşinqton arasında imzalanmış anlaşma memorandumuna, xüsusilə də Hörmüz boğazı ilə bağlı müddəalara yönəldilib.
Bildirilib ki, görüş zamanı beynəlxalq hüquq normalarına riayət olunmasının və Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin edilməsinin vacibliyi vurğulanıb. Omanlı nazir regional sabitliyin qorunması və dəniz yollarında təhlükəsizliyin gücləndirilməsi üçün diplomatik imkanlardan maksimum istifadə edilməsinin əhəmiyyətini qeyd edib.
Qeyd olunub ki, tərəflər bu cür əməkdaşlığın bölgədə gərginliyin azaldılmasına və beynəlxalq su yollarında təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildiriblər.
Məlumata görə, səfər qlobal neft daşımaları baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında regional gərginliyin artdığı bir dövrə təsadüf edib. Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında əldə olunan razılaşmanın fevralın 28-də başlayan hərbi toqquşmalara son qoyulmasını, boğazın yenidən açılmasını və gələcək gərginliklərin qarşısının alınmasını nəzərdə tutduğu bildirilib. danışıqlar şərtilə sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tutur.