Birləşmiş Ştatların həddindən artıq və qeyri-konstruktiv tələbləri Vaşinqton ilə Tehran arasında diplomatik razılaşmanın əldə olunması istiqamətindəki dialoqa ciddi maneələr törətməkdə davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Tehranda keçirilən mətbuat konfransı zamanı bəyan edib.
İran XİN-in sözçüsü İsmayıl Bəqai ABŞ tərəfindən alınan rəsmi diplomatik mesajları “qeyri-kafi və natamam” adlandırıb. O, Tehran rəhbərliyinin Vaşinqtonla münaqişənin və Hörmüz boğazındakı dəniz nəqliyyatı böhranının tənzimlənməsi məsələsində əvvəllər elan edilmiş 7 əsas şərtə sadiq qaldığını vurğulayıb.
Bu şərtlər sırasında dəniz blokadasının dərhal aradan qaldırılması, hərbi əməliyyatların “bütün cəbhələrdə” dayandırılması və İrana qarşı tətbiq edilən iqtisadi məhdudiyyətlərin ləğvi ön planda dayanır.
Xatırladaq ki, ABŞ-nin Türkiyədəki səfiri və Prezident Donald Trampın xüsusi elçisi Tomas Barrak bir qədər əvvəl Vaşinqtonun Tehranla hərtərəfli sülh sazişinə nail olmaq niyyətində olduğunu bildirmişdi.