Hindistan və ABŞ hökumətləri mühüm minerallar və nadir torpaq elementləri üzrə əməkdaşlığı nəzərdə tutan yeni saziş imzalayıblar. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Yeni Delhidə keçirilən imzalanma mərasimində ABŞ dövlət katibi Marko Rubio və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar iştirak ediblər.
Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bildirib ki, imzalanan çərçivə sənədi mühüm mineralların hasilatı və emalı da daxil olmaqla, tədarük təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Nazirin sözlərinə görə, saziş aşağıdakı istiqamətləri əhatə edir:
- Mədənçilik və emal prosesləri;
- Təkrar emal texnologiyaları;
- Əlaqəli investisiya layihələri;
- Təchizat zəncirinin şaxələndirilməsi və resursların səmərəli idarə olunması.
ABŞ dövlət katibi Marko Rubio isə öz növbəsində qeyd edib ki, hər iki ölkənin strateji maraqları innovasiya iqtisadiyyatı üçün kritik əhəmiyyət daşıyan resurslara etibarlı çıxışın təmin edilməsini tələb edir. Rubio vurğulayıb ki, dinamik inkişaf edən iqtisadiyyatlar əsas sənaye materialları baxımından tək bir mənbədən asılı qalmamalıdır.