Fevralın 25-də keçirilən Avropa Komissiyasının iclasında Macarıstan və Slovakiya Ukraynanın Drujba boru kəməri vasitəsilə tədarükü dayandırmasından sonra böhran vəziyyətindəki neft ehtiyatlarından istifadə etməyə başladıqlarını elan ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Anna Kaisa İtkonen bildirib.
Onun sözlərinə görə, hər iki ölkə ehtiyat neft fondlarını istifadəyə buraxdıqlarını təsdiqləyib. Qeyd olunub ki, bütün üzv dövlətlər bu kimi fövqəladə hallar üçün strateji ehtiyatlar saxlayır və həmin ehtiyatlar təxminən 90 gün üçün kifayət etməlidir.
Bundan əvvəl bildirilib ki, Slovakiya Drujba boru kəməri ilə neft tədarükündə yaranmış fasilələrə görə fevralın 24-də Kiyevə təcili elektrik enerjisi ixracını dayandırıb. Slovakiya və Macarıstan həmçinin Ukraynaya dizel yanacağı tədarükünü də dayandırıblar.
Hər iki ölkə Kiyevi Rusiyanın zərbələri nəticəsində zədələnmiş boru kəmərinin təmirini siyasi səbəblərdən qəsdən gecikdirməkdə ittiham edir. Drujba boru kəməri ilə neft tranzitində yaranmış fasilələr fonunda Macarıstan Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini, eləcə də Kiyevə 90 milyard avroluq kreditin təsdiqini bloklayıb.