İranın Qeşm adası yaxınlığında, strateji Hörmüz boğazı istiqamətində dəniz sahəsindən şiddətli partlayış səsləri eşidilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın rəsmi IRNA agentliyi yerli mənbələrə və regional təhlükəsizlik kanallarına istinadən məlumat yayıb.
Məlumata görə, adanın sahilyanı ərazilərində və dəniz akvatoriyasında eşidilən partlayış səsləri yerli sakinlər arasında təşvişə səbəb olub. Hadisənin hərbi təlimlər, PUA/dəniz dronu sınağı və ya regional gərginlik fonunda baş verən hər hansı insidentlə bağlı olduğu hələlik dəqiqləşdirilməyib. İranın rəsmi dövlət və hərbi qurumları tərəfindən hadisənin dəqiq səbəbləri barədə hələ ki, rəsmi bəyanat verilməyib.
Bildirilib ki, Hörmüz boğazı və Qeşm adası ətrafı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələrinin əsas bazalarının yerləşdiyi və qlobal neft daşımalarının həyata keçirildiyi ən həssas nöqtələrdən biri hesab olunur. Regionda hərbi monitorinq və təhlükəsizlik tədbirləri gücləndirilib.