Operativ Məlumat Mərkəzi

Hacıqabulda yataqxanada yanğın zamanı 5 nəfər ölüb - YENİLƏNİB

4 dəq
Paylaş:
Hacıqabulda yataqxanada yanğın zamanı 5 nəfər ölüb - YENİLƏNİB

Oktyabrın 12-də saat 01 radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta konstruksiyalı barak tipli yaşayış yerlərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Hacıqabul rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin əməkdaşları və ekspertin iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, həmçinin zəruri və təxirəsalınmaz istintaq hərəkətləri icra olunub.

Hadisə nəticəsində 5 nəfər şəxs - 1944-cü il təvəllüdlü Mütəllim Məmmədov, 1952-ci il təvəllüdlü Sara Abışova, 1981-ci il təvəllüdlü Aybəniz Abışova, 2010-cu il təvəllüdlü Zəhra Sadıqova və 2012-ci il təvəllüdlü Elgün Sadıqov ölüb, 1 nəfər şəxs - 1963-cü il təvəllüdlü Şölə Həsənova xəsarət alıb.

Xəsarət almış şəxsə xəstəxanada ambulator tibbi yardım göstərilib və hazırda vəziyyəti stabildir.

Hadisənin baş vermə səbəbinin müəyyən olunması istiqamətində Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.

10:46 ***

Dəqiqləşdirilmiş məlumata əsasən, gecə saatlarında Hacıqabul rayonunun Nəvahı qəsəbəsində baş vermiş yanğın hadisəsi taxta konstruksiyadan ibarət barak tipli yaşayış evində baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

04:40 ***

Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Report"a istinadən xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.

Hadisə zamanı, daha 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

03:54

Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

03:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər