Gürcüstan ticarəti artırmaq və beynəlxalq bazarlara çıxışı yaxşılaşdırmaq məqsədilə Çin-Qırğızıstan-Özbəkistan nəqliyyat marşrutuna qoşulmağa çalışır. Ölkə nəqliyyat infrastrukturuna investisiya yatırır və Özbəkistanla iqtisadi əlaqələrini genişləndirir.
“Report” Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən yazır ki, Baş nazirin müavini Mariam Kvrivişvili Gürcüstan-Özbəkistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında ölkəsinin planlarından danışıb.
Kvrivişvili bildirib ki, Gürcüstan yeni marşrutun inkişafını yaxından izləyir və Mərkəzi Asiyanı Avropa, eləcə də digər beynəlxalq bazarlarla birləşdirən əsas həlqələrdən biri olmağa maraq göstərir.
“Gürcüstanın yaxından izlədiyi mühüm yeni təşəbbüsü xüsusi vurğulamaq istərdim. Ölkəmizin Çin-Qırğızıstan-Özbəkistan yeni nəqliyyat marşrutunun ayrılmaz hissəsinə çevrilməsində və ölkələri Avropa və digər bazarlarla birləşdirməkdə əsas rolunu davam etdirməsində son dərəcə maraqlıyıq”, – deyə o bildirib.
Regional əlaqələri gücləndirmək üçün Gürcüstan dəmir yolu şəbəkəsini yeniləyir. Məqsəd illik yükdaşıma gücünü 2029-cu ilədək 15 milyon tondan 29 milyon tona çatdırmaqdır.
Gürcüstan və Özbəkistan iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün konkret tədbirlər barədə razılığa gəliblər. Kvrivişvili yaxın gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını hədəf kimi irəli sürüb.
Tərəflər investisiya imkanlarını, logistikanı və turizmi, o cümlədən Anaklia limanının regional əhəmiyyətini müzakirə ediblər. Gürcüstan Özbəkistanla birbaşa hava əlaqələrini genişləndirmək planlarını da açıqlayıb.
Görüş birgə protokolun imzalanması ilə başa çatıb.