Gürcüstan hakimiyyəti noyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) genişlənməsi ilə bağlı sammitdə iştirakdan imtina edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, tədbirin təşkilatçıları Gürcüstanı yalnız ölkənin Aİ yanında səfiri səviyyəsində təmsil olunmağa dəvət ediblər.
Bu səbəbdən Tbilisi görüşdə iştirak etməmək qərarına gəlib.
"Gürcüstan noyabrın 16-da Brüsseldə keçiriləcək tədbirdə, o cümlədən nazirlər səviyyəsində təşkil olunan görüşdə iştirak etmək üçün müvafiq səviyyədə dəvət almayıb. Buna görə də Gürcüstanın nümayəndəsi həmin görüşdə iştirak etməyəcək", - XİN-in bəyanatında qeyd olunub.
Nazirlik eyni zamanda Gürcüstanın Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa sadiq qaldığını vurğulayıb.
Bildirilib ki, Tbilisi müvafiq səviyyədə dəvət alacağı təqdirdə belə görüşlərdə iştirak etməyə hazırdır. XİN-in məlumatına görə, Brüssel Gürcüstanın mövqeyindən xəbərdardır.