Qrenlandiya hökuməti ABŞ-nin “Greenland Energy” neft şirkətinə adanın şərq sahillərində icazəsiz neft kəşfiyyatı işləri aparmaqla bağlı xəbərdarlıq edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Qrenlandiyanın Sənaye və Minerallar Departamenti şirkətin müvafiq icazə almadan ağır texnikaları “Jameson Land” bölgəsinə çıxardığını bildirib.
Məlumata görə, yerli hakimiyyət orqanlarının təsdiqi olmadan ərazidə qazıntı işlərinə başlanılmasına icazə verilməyəcək.
Ötən il Texasda yaradılan “Greenland Energy” şirkəti “Jameson Land” bölgəsində təxminən 1 trilyon dollar dəyərində xam neft ehtiyatının olduğunu iddia edir. Şirkətin rəhbəri Larri Svets isə daha əvvəl yerli sakinlərə avadanlıqların gətirilməsi üçün icazənin artıq alındığı barədə yanlış məlumat verildiyini etiraf edib.
Bununla yanaşı, şirkət nümayəndələri Qrenlandiya tənzimləyiciləri ilə aparılan son danışıqların “konstruktiv” keçdiyini və kəşfiyyat işlərinə başlamaq üçün lazımi icazələri əldə etməyə ümid etdiklərini bildiriblər.
Qeyd edək ki, insident ABŞ-nin Qrenlandiyaya marağının artdığı bir dövrə təsadüf edir. ABŞ Prezidenti Donald Tramp adanın strateji əhəmiyyətini dəfələrlə vurğulayıb. “Greenland Energy” isə neft kəşfiyyatı layihələrinin ABŞ-nin Qrenlandiya ilə bağlı siyasəti ilə əlaqəsinin olmadığını açıqlayıb.