Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Ermənistanın Baş naziri Nikol Paşinyanı və “Vətəndaş Müqaviləsi” Partiyasını parlament seçkilərində qazandıqları qələbə münasibətilə təbrik edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, seçki nəticələri Ermənistan xalqının demokratik islahatlara, regional sabitliyə və Avropa tərəfdaşları, eləcə də Avropa İttifaqı ilə daha sıx əməkdaşlığa güclü dəstəyini əks etdirir.
“Ermənistanda parlament seçkilərində qələbə qazanan Nikol Paşinyanı və Vətəndaş Müqaviləsi Partiyasını təbrik edirik”, - deyə o qeyd edib.
Marqus Tsahkna əlavə edib ki, Estoniya və Ermənistan son illərdə ikitərəfli münasibətləri əhəmiyyətli dərəcədə inkişaf etdirib və bu müsbət dinamikanın davam etdirilməsinə ümid edir.
Onun sözlərinə görə, təzyiq və qorxutmalara baxmayaraq, Ermənistanın Avropa tərəfdaşları ilə əməkdaşlığa dəstəyi diqqət çəkir.
Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə əsasən, parlamentə dörd siyasi qüvvə daxil olub. “Vətəndaş Müqaviləsi” Partiyası 49,81 faiz səslə öndə gedir və hökumət qurmaq üçün çoxluq əldə edəcəyi gözlənilir.
Baş nazir Nikol Paşinyan artıq bu nəticələr əsasında partiyasının hökumət formalaşdıracağını açıqlayıb.