İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Bağdada səfəri çərçivəsində İraqın baş naziri Əli əl-Zeydi ilə görüşüb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, çərşənbə günü axşam keçirilən görüşdə İran və İraqı birləşdirən tarixi və coğrafi əlaqələrin əhəmiyyəti vurğulanıb.
Qalibaf iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Onun sözlərinə görə, Tehran və Bağdad arasında əlaqələrin inkişafı yalnız ikitərəfli münasibətlər baxımından deyil, İslam və ərəb dünyasında regional əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm imkanlar yaradır.
Görüş zamanı İran və İraq arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.
Tərəflər həmçinin regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apararaq, iki ölkənin bu istiqamətdə birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.