Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına verdiyi müsahibədə Ermənistan və Azərbaycan arasında yaradılan yeni nəqliyyat kommunikasiyaları ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, nazir bildirib ki, bəzi siyasətçilər iki ölkə arasındakı münasibətlərdən istifadə edərək Gürcüstanın strateji funksiyasını azaltmağa çalışırlar, lakin bu cəhdlər əsassızdır.
Boçorişvilinin sözlərinə görə, yeni yolların çəkilməsi regionun bağlantı imkanlarını daha da genişləndirəcək və bu, ümumi inkişaf üçün faydalıdır.
"Mən burada real bir risk görmürəm. Gürcüstan xəritədən yox olmayacaq. Bu gün Gürcüstanı Avropa ilə əsas bağlayıcı həlqə kimi qeyd etməyənlərin peşəkarlığı sual altındadır", - deyə o vurğulayıb.
Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Tbilisi yeni inşa edilən yolları Gürcüstandan keçən marşrutlara rəqib kimi görmür.
O, ölkəsinin dünya geosiyasi xəritəsindəki strateji əhəmiyyətini qoruyub saxladığını bildirib:
“Yeni istiqamətlər yaransa da, Gürcüstanın rolu dəyişməz qalır. Şərq-Qərb dəhlizi üzrə yük axını o qədər böyükdür ki, hətta əlavə 3-4 marşrutun olması belə bu tələbatı tam qarşılamayacaq. Regionun tranzit potensialının artması bütün tərəflər üçün əlverişlidir”.
Yekunda nazir əlavə edib ki, Gürcüstan həm Avropa, həm də region ölkələri üçün ən etibarlı və əsas logistik qovşaq olmaqda davam edir.