İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin Tehranın neft ixracına tətbiq etdiyi məhdudiyyətlərə sərt reaksiya verib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, o, “X” sosial şəbəkəsindəki paylaşımında Vaşinqtonun addımlarını müharibə kontekstində qiymətləndirərək, regional enerji təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.
Qalibafın sözlərinə görə, müharibənin şərtləri qarşılıqlı prinsipə əsaslanır. O, “Bizim neft sata bilmədiyimiz bir bölgədə heç kim neft sata bilməyəcək” deyərək, İranın enerji infrastrukturuna qarşı təzyiqlərin cavabsız qalmayacağını bildirib.
İran parlamentinin sədri əlavə edib ki, ölkəsinin infrastrukturu təhlükə altında olduğu müddətdə regiondakı digər infrastruktur obyektləri də təhlükəsiz hesab edilməyəcək.
Qalibaf Hörmüz boğazının təhlükəsizliyi məsələsinə də toxunub. O bildirib ki, boğazın təhlükəsizliyi ABŞ hərbi qüvvələrinin regionda mövcudluğu ilə birbaşa bağlıdır.
İran rəsmisi Hörmüz boğazının əvvəlki vəziyyətinə qayıtmayacağını bir daha vurğulayaraq, Tehranın mövqeyində qətiyyətli olduğunu bildirib.