Almaniya kansleri Fridrix Merz İran ətrafında davam edən gərginliyə baxmayaraq, ölkənin qaz, neft və aviasiya kerosini ilə təminatının sabit olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Almaniyanın neft, qaz və kerosin təchizatı təmin olunub. Hamımız buna arxalana bilərik. Bu, çox yaxşı xəbərdir”, - o qeyd edib.
Almaniya hökumətinin sözçüsü Stefan Kornelius isə bildirib ki, kansler Almaniyada enerji təchizatı ilə bağlı problem olmadığını və böhran rejiminə keçid üçün səbəb görmədiyini vurğulayıb.
O qeyd edib ki, nəqliyyat marşrutlarının bağlanması səbəbindən qlobal bazarda yaranan çatışmazlıqlar Almaniyaya da təsir edir, lakin ölkədə kəskin enerji böhranı müşahidə olunmur.
Hökumət rəsmisi əlavə edib ki, son dövrlərdə yanacaq qiymətlərində müəyyən azalma müşahidə olunur. Aviasiya kerosini ilə bağlı da hazırda təchizat problemi qeydə alınmır və hava limanlarının kifayət qədər yanacaq ehtiyatına malik olduğu bildirilib.
Bununla yanaşı, qiymət artımlarının uçuş cədvəllərinə təsir göstərdiyi qeyd olunub. Kornelius vurğulayıb ki, mövcud ehtiyatlar ilin sonunadək tələbatı ödəmək üçün kifayət edir.
Təbii qazla bağlı vəziyyətə toxunan hökumət sözçüsü bildirib ki, qlobal mənbələr hesabına təmin edilən qaz həcmləri Almaniyanın ehtiyaclarını qarşılayacaq səviyyədədir.
Onun sözlərinə görə, Qətərdən qaz tədarükünün dayanması nəticəsində yaranan çatışmazlıq tam şəkildə kompensasiya olunub. Bunun qiymətlərə təsiri olsa da, bazardakı vəziyyət sabit olaraq qalır.