Fransanın paytaxtı Parisdəki təhsil müəssisələrindən birində sentyabrın ortalarında başlayan şagird etirazları kütləvi xarakter alaraq ölkə miqyaslı iğtişaşlar və sosial böhran müstəvisinə keçib. Fransa Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, çərşənbə axşamı ölkə üzrə 250 mindən çox insan küçələrə çıxıb, aksiya təşkilatçıları isə nümayişçilərin sayının 450 minə çatdığını bəyan ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident Emmanuel Makronun səlahiyyət müddətinin sonuna yaxınlaşdığı bir vaxtda dərinləşən siyasi gərginlik fonunda Baş nazir Sebastyan Lekornu (Sébastien Lecornu) böhranın aradan qaldırılması üçün ayın sonunadək təcili paket tədbirlərin açıqlanacağını bildirib.
Şagirdlərin şikayətlərinin toplanması üçün yaradılan xüsusi rəqəmsal platformaya qısa müddətdə 40 mindən çox müraciət daxil olub.
Etirazçı şagirdlər və valideynlər təhsil müəssisələrinin yararsız infrastrukturuna, sanitar normalara cavab verməyən və istilik sistemi olmayan binalara, eləcə də xroniki kadr çatışmazlığına etiraz edirlər. Həmkarlar ittifaqlarının hesabatlarına görə, ölkədəki məktəblərin yarıdan çoxunda kadr defisiti müşahid olunur, yüzlərlə saatlıq dərslər tədris edilmir, siniflərdə sıxlıq isə kritik həddə çatıb.
Hökumətin təhsil sektoruna ayırdığı əlavə 1,2 milyard avroluq vəsaitin inflyasiya fonunda yetərsiz qaldığı vurğulanır. Müəllim maaşlarının minimum əməkhaqqı səviyyəsinə düşməsi peşəyə marağı kəskin azaldıb. İle-de-Frans regionu təhsilə ən az büdcə ayıran inzibati ərazi kimi göstərilir. Bununla yanaşı, universitetlərə qəbulu tənzimləyən “Parcoursup” sisteminin qeyri-şəffaf mexanizmləri və həddindən artıq uzun dərs saatları narazılığın əsas səbəbləri sırasındadır.
Etirazlar çərçivəsində yüzlərlə məktəb blokadaya alınıb, nümayişlər polis tərəfindən güc tətbiq edilməklə dağıdılıb. Xüsusi vasitələrin, gözyaşardıcı qazın və plastik güllələrin tətbiqi nəticəsində 200-dən çox insan ağır xəsarətlər alıb. Bir gəncin gözünü itirməsi və 15 yaşlı yeniyetmənin əlinin qopması ilə nəticələnən insidentlərdən sonra "Amnesty International" təşkilatı Fransa hüquq-mühafizə organlarının qeyri-mütənasib güc tətbiq etməsini kəskin pisləyib.
Polis zorakılığı faktları üzrə 18 xidməti araşdırma başladılıb. Daxili İşlər Nazirliyi bazar günü 24 məktəb binasının yandırıldığını, Təhsil naziri Eduar Jefre (Édouard Geffray) isə iğtişaşlar zamanı 5 mindən çox şəxsin saxlanıldığını bəyan edib.
Fransa hakimiyyəti gənclərin başladığı bu dalğanın Yelisey sarayına və Makron administrasiyasına qarşı son 10 ildə toplanmış ümumi sosial narazılıqla birləşərək idarəolunmaz üsyana çevrilməsindən ciddi narahatlıq keçirir.