Fransada həftələrlə davam edən küçə nümayişləri fonunda şənbə günü Parisdə etirazçılarla baş verən kəskin qarşıdurma zamanı polis əməkdaşının ayağının alovlandığını göstərən görüntülər ölkədə böyük narazılıq və rezonans doğurub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Topuğundan yanıq xəsarəti alan və əlindən yaralanan polis əməkdaşı nəşrə açıqlamasında hücum zamanı standart Molotov kokteylindən xeyli güclü və xüsusi yandırıcı maddədən istifadə edildiyini bildirib. Daxili işlər naziri Loran Nunez təhlükəsizlik qüvvələrinə yandırıcı şüşələrlə edilən hücumu "adamöldürməyə cəhd" kimi qiymətləndirib və cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün istintaqın başladıldığını bəyan edib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, həftəsonu keçirilən aksiyalarda ölkə üzrə 770-dən çox şəxs saxlanılıb, 15-dən çox hüquq-mühafizə əməkdaşı isə yaralanıb. Şənbə günü Fransanın müxtəlif şəhərlərində yaşayış xərclərinin artmasına və ictimai xidmətlərin yetərsizliyinə etiraz olaraq yüz minlərlə insan küçələrə çıxıb.
AFP-nin məlumatına görə, polis kadrlarına düşən insidentlə bağlı hələlik heç kim saxlanılmayıb. Zərərçəkən polis əməkdaşı bölmələrinin qəfil yüzlərlə yaxşı təchiz olunmuş radikal qrupla üz-üzə qaldığını və səki daşlarının atılması nəticəsində daha 14 nəfərin yaralandığını vurğulayıb.
Qeyd edək ki, Fransadakı gərginliklə yanaşı, həftəsonu Almaniya və İtaliyada da analoji sosial və iqtisadi tələblərlə kütləvi aksiyalar keçirilib.