Nazirlər Kabineti fövqəladə vəziyyət şəraitində rabitənin təşkili ilə bağlı mövcud normativ sənəddə dəyişiklik edib. Söhbət 15 fevral 2012-ci il tarixli qərarla təsdiqlənmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”dan gedir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in yaydığı məlumata görə, dəyişiklikləri nəzərdə tutan yeni qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.
Qərara əsasən, rabitə müəssisələri və poçt rabitəsinin milli operatoru fövqəladə vəziyyət dövründə üzərinə düşən öhdəlikləri qeyd olunan Qaydalara uyğun icra etmədiyi halda, müvafiq ərazidə bu qurumların ümumistifadəli telekommunikasiya şəbəkələri və obyektləri üzərində birbaşa idarəetmə tətbiq oluna bilər.
Yeni mexanizmə görə, belə hallarda idarəetmə müvəqqəti olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi vasitəsilə həyata keçiriləcək. Bu dəyişiklik fövqəladə vəziyyət zamanı rabitə infrastrukturunun fasiləsiz və effektiv fəaliyyətinin təmin edilməsinə xidmət edir.