ABŞ-nin Alyaska ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Piper PA-24” tipli təyyarə Ankoricdən Seldoviyaya uçarkən hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb. Təyyarə Seldoviya yaxınlığında dayaz sulara düşərək su altında qalıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra xilasedicilər və hüquq-mühafizə əməkdaşları əraziyə cəlb olunub. Təyyarənin qalıqları Seldoviya körfəzində təxminən 4,6 metr dərinlikdə aşkar edilib.
İlkin olaraq su səviyyəsinin yüksək olması səbəbindən qəza yerinə çatmaqda çətinlik yaranıb. Suyun səviyyəsi aşağı düşdükdən sonra xilasedicilər təyyarəyə yaxınlaşaraq göyərtədə olan 4 nəfərin meyitini aşkar ediblər.
Hadisənin dəqiq səbəbi hələlik məlum deyil. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəza ilə bağlı araşdırmaya başlayıb.
Rəsmi qurumlar təyyarədə olan şəxslərin kimliyini yaxınlarına məlumat verilənədək açıqlamayıb.