Mərkəzi Afrika Respublikasında 28 dekabr 2025-ci ildə keçirilən prezident seçkilərinin yekun nəticələrinə əsasən, səslərin 77,90 faizini qazanan Faustin-Archange Touadera üçüncü müddətə yenidən prezident seçildiyi elan edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Konstitusiya Şurasının açıqlamasında bildirilib ki, Touadera 77,90 faiz səs toplayaraq 7 illik müddət üçün yenidən prezident seçilib.
Açıqlamada həmçinin qeyd olunub ki, Touaderanın əsas rəqibi Aniset Jorj Doloqelenin seçkilərdə saxtakarlıq edildiyi iddiası ilə verdiyi etiraz rədd edilib.
Yekun nəticələrə görə, Doloqele 13,50 faiz səslə ikinci, Henri Mari Dondra isə 2,97 faiz səslə üçüncü yeri tutub. Milli Seçki Orqanının (ANE) daha əvvəl açıqladığı ilkin nəticələrdə Touaderanın səs faizi 76,15 olaraq göstərilmişdi.
2016-cı ildə ilk dəfə prezident seçilən Touadera, 2020-ci il seçkilərində də ilk turda səslərin 53,16 faizini toplayaraq yenidən vəzifəyə gəlmişdi.
Touadera 2023-cü ildə qəbul edilən konstitusiya dəyişikliyi ilə üçüncü müddətə namizəd olmaq imkanı əldə edib və prezidentlik müddəti 5 ildən 7 ilə artırılıb.