Çinin sabiq Baş naziri Cu Ronqci vəfat edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Xinhua” agentliyinin məlumatına görə, 1998-2003-cü illərdə ölkənin Baş naziri vəzifəsini tutmuş Cu Ronqci Pekində uzun müddət mübarizə apardığı xəstəlik səbəbindən dünyasını dəyişib.
Cu Ronqci Çinin müasir iqtisadi tarixində mühüm rol oynamış dövlət xadimlərindən biri hesab olunur.
O, xüsusilə Çinin 2001-ci ildə Dünya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul olunması prosesində mühüm rol oynayıb.
Sabiq Baş nazir dövlət müəssisələrində genişmiqyaslı islahatların aparılması, korrupsiyaya qarşı mübarizə və ölkənin planlı iqtisadiyyatının bazar prinsiplərinə uyğunlaşdırılması istiqamətində həyata keçirdiyi siyasətlə tanınıb.
1928-ci il oktyabrın 23-də Hunan əyalətinin Çanşa şəhərində anadan olan Cu Ronqci 1951-ci ildə Tsinghua Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.
Dövlət qulluğunda fəaliyyətə başlayan Cu 1990-cı illərdə Çinin yüksək inflyasiya, artan xarici borc və zərərlə işləyən dövlət müəssisələri kimi ciddi iqtisadi problemlərlə üzləşdiyi dövrdə mühüm vəzifələrdə çalışıb.
O, maliyyə siyasətinin mərkəzləşdirilməsi, bürokratik əngəllərin azaldılması və səmərəsiz dövlət müəssisələrinin özəlləşdirilməsi istiqamətində bir sıra genişmiqyaslı tədbirlər həyata keçirib.