Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa nəqliyyat ekspedisiyası ilə bağlı qanun layihəsinə münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o vurğulayıb ki, qanunda müştəri və ekspeditor məsuliyyətinə dair kifayət qədər müddəalar yer alsa da, dövlət orqanlarının rolu və məsuliyyəti aydın ifadə olunmayıb.
Deputat qeyd edib ki, qarşıda yeni nəqliyyat xətləri açılacağı üçün beynəlxalq daşımalar zamanı bu məsuliyyət məsələsi xüsusilə aktuallaşacaq. “Müvafiq icra hakimiyyəti orqanının bu prosesdə məsuliyyəti aydın şəkildə göstərilməlidir”, – deyə Fazil Mustafa əlavə edib.
O, həmçinin qanunda ekspeditorların ictimai birliklərinin qeydiyyatı məsələsinə də toxunub. Deputat bildirib ki, qeydiyyatın gecikməsi hüquqi məsuliyyət yaratmalı və birliklərin öz problemlərini dövlət qarşısında qaldırmaq imkanları təmin olunmalıdır.
Fazil Mustafa yüklərin xarab olması ilə bağlı məsuliyyət məsələsinə də diqqət çəkib. O qeyd edib ki, qanunsuz və əsassız saxlama halları malın xarab olmasına səbəb olur və bu zaman məsuliyyət yalnız ekspeditor və müştəri üzərində qalır: “Gələcəkdə beynəlxalq yükdaşımalarda bu problemlər daha da artacaq. Müvafiq qurumların məsuliyyəti qanunda konkret göstərilməlidir”.
Deputat eyni zamanda misal gətirərək bildirib ki, dövlət orqanlarının məsuliyyətsizliyi digər sahələrdə də ciddi risklər yaradır. O vurğulayıb ki, müvafiq icra orqanlarının məsuliyyətinin aydın göstərilməsi yükdaşımalarda problemlərin qarşısını alacaq, ölkənin iqtisadi nüfuzunu qoruyacaq və beynəlxalq səviyyədə etimadı artıracaq.
Mehman Mirzəzadə