Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in Milli Hidrometeorologiya Xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 20-si saat 11:00-a olan vəziyyətə əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında, həmçinin bölgələrin böyük hissəsində sulu qar və qar yağır. Ayrı-ayrı ərazilərdə yağıntıların intensivliyi daha güclü qeydə alınıb.
Yağan qarın hündürlüyü Lerikdə 85 sm, Əlibəydə (Zaqatala) 42 sm, Kəlbəcərdə 40 sm, Yardımlıda 38 sm, Laçın, Qubadlı və Şahbuzda 35 sm, Şuşada 25 sm, Sarıbaş (Qax) və Kişçayda (Şəki) 23 sm, Xızıda 20 sm, Quba, Xankəndi və Xaltanda 17 sm, Qusar və Şərurda 13 sm, Qobustanda 12 sm, Xocalı, Göygöl, Şahdağ və Oğuzda 7 sm, Sədərək və Gədəbəydə 6 sm, Ağdam, Füzuli və Ceyrançöldə 5 sm, Göyçay, Tovuz və Daşkəsəndə 4 sm, Tərtər və Qəbələdə 3 sm, Balakən, Bərdə və Naxçıvanda 2 sm, Mingəçevir, Şəmkir, İsmayıllı, Şamaxı, Şabran, Goranboy, Culfa və Ordubadda isə 1 sm təşkil edib.
Düşən yağıntının miqdarı Lənkəranda 86 mm (aylıq normanın 90 faizi), Astarada 69 mm (70 faiz), Cəlilabadda 49 mm (77 faiz), Beyləqanda 25 mm, İmişlidə 13 mm, Yevlaxda 10 mm, Saatlı və Sabirabadda 5 mm, Kürdəmir və Biləsuvarda 4 mm, Cəbrayılda, eləcə də Bakıda və Abşeron yarımadasında 3 mm, Neftçalada 2 mm, Ağsu, Xaçmaz və Naftalanda isə 1 mm olub.
Bəzi ərazilərdə şimal küləyi əsir. Küləyin maksimal sürəti Salyan və Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 17 m/s-dək güclənib.
Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Qəbələ, Xaltan, Oğuz, Qusar və Qrızda duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək azalır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxta, Naxçıvan Muxtar Respublikasında 13 dərəcə şaxta, dağlıq rayonlarda 9 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta qeydə alınıb.