Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşam saatlarından 21-i səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə sulu qar və qar yağacağı, bəzi yerlərdə isə yağıntıların daha intensiv keçəcəyi ehtimal edilir.
Milli Hidrometeorologiya Xidmətinin "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata əsasən, yanvarın 19-dan 20-nə keçən gecə havanın minimal temperaturu 0 dərəcəyə yaxın olacaq.
Yanvarın 21-dən 22-nə keçən gecə saatlarında isə temperaturun 0–3 dərəcə şaxtayadək enəcəyi gözlənilir.
Yağıntı ilə müşayiət olunan küləkli hava şəraiti səbəbindən bəzi yerlərdə qısamüddətli çovğun ehtimalı var.
Ölkənin rayonlarında müşahidə edilən qeyri-sabit hava şəraitinin yanvarın 21-i gündüz saatlarınadək davam edəcəyi bildirilir. Bu müddətdə arabir yağıntı, bəzi bölgələrdə sulu qar və qar yağması, ayrı-ayrı ərazilərdə isə yağıntının güclü olacağı istisna edilmir.
Temperaturun dağətəyi rayonlarda 6 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7–12 dərəcə, yüksək dağlıq ərazilərdə isə 18–23 dərəcə şaxta təşkil edəcəyi proqnozlaşdırılır. Xüsusilə dağlıq və dağətəyi bölgələrdə avtomobil yollarının buz bağlaması gözlənilir.