Hazırda ölkə ərazisində, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasında soyuq, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təhlükəsizlik tədbirlərinə ciddi riayət olunması barədə təkrar müraciət edib.
Nazirlik bildirir ki, havaların kəskin soyuması fonunda qaz və elektrik qızdırıcılarından istifadə halları artıb.
Bu səbəbdən yanğın riskinin qarşısının alınması üçün nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsinə normadan artıq yük verilməməlidir. Eyni zamanda, işlək vəziyyətdə olan qızdırıcıların nəzarətsiz saxlanılması yolverilməz hesab olunur.

FHN xüsusilə dağlıq ərazilərdə yaşayan vətəndaşlara xəbərdarlıq edərək, şaxtalı və qarlı havalarda imkan daxilində yaşayış məntəqələrini tərk etməməyi tövsiyə edir. Zərurət yarandıqda isə hərəkət marşrutu barədə yaxınlara əvvəlcədən məlumat verilməsi, avtomobillərin texniki vəziyyətinin mövsümə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatının təmin edilməsi vacib sayılır. Qar uçqunu riski olan ərazilərdən, eləcə də dik yamaclardan uzaq durmaq və qaranlıq düşməmiş geri qayıtmaq tövsiyə olunur.
Bununla yanaşı, güclü küləkli hava şəraitində yüngül və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq olmaq, elektrik dirəkləri, naqillər və hündür ağacların altında dayanmaqdan çəkinmək tövsiyə edilir.
Nazirlik küləyin yanğınların söndürülməsini çətinləşdirdiyini xatırladaraq, bu cür hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə diqqətli yanaşılmasını vacib hesab edir.
FHN bir daha xatırladır ki, təhlükəsizlik qaydalarına laqeyd münasibət insan həyatı üçün ciddi risk yaradır. Fövqəladə hallarla üzləşdikdə isə dərhal “112” qaynar xəttinə zəng etmək tövsiyə olunur.