"Həddindən artıq ekran vaxtı və sosial mediadan intensiv istifadə Avropada gənclərin psixi sağlamlıq böhranının əsas səbəblərindən biridir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Nəsillərarası Ədalət, Gənclər, Mədəniyyət və İdman məsələləri üzrə üzvü Glenn Micallef deyib.
O qeyd edib ki, ekran qarşısında keçirilən vaxtın artması və sosial media istifadəsinin genişlənməsi getdikcə daha ciddi narahatlıq doğurur.
“Bunlar Avropada üzləşdiyimiz gənclərin psixi sağlamlıq böhranının arxasında duran əsas amillərdən biridir”, - Micallef vurğulayıb.
Aİ rəsmisi bildirib ki, yalnız böyüklər üçün nəzərdə tutulan məzmunun yerləşdirildiyi platformalar uşaqların yaşlarına uyğun olmayan materiallara çıxışına imkan verərsə, buna görə məsuliyyət daşımalıdır.
Micallef əlavə edib ki, cinsi məzmunlu dörd internet saytı ilə bağlı ilkin araşdırma nəticələri mövcuddur.
Onun sözlərinə görə, həmin platformalara öz mövqelərini müdafiə etmək imkanı veriləcək, lakin Komissiyanın ilkin qənaətləri təsdiqlənərsə, onlar barədə Aİ qaydalarına əməl etməmək qərarı çıxarıla bilər.
O həmçinin üzv dövlətləri rəqəmsal yaş təsdiqləmə sistemindən istifadə etməyə çağırıb və bildirib ki, 2026-cı ilin son rübündə təqdim olunması planlaşdırılan Rəqəmsal Ədalət Aktı uşaqların onlayn mühitdə müdafiəsini daha da gücləndirəcək.
Qeyd edək ki, Avropa Komissiyası hazırda cinsi məzmun yerləşdirən dörd internet saytının uşaqlara yaş məhdudiyyəti tətbiq etmədən çıxış imkanı yaratması ilə bağlı araşdırma aparır.