Ermənistanın baş nazirinin müavini Mger Qriqoryan İranın bu ölkədəki səfiri Xəlil Şirqolami ilə bir araya gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında enerji, logistika və ticarət-iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələlər əsas müzakirə mövzusu olub.
Tərəflər həmçinin ikitərəfli gündəlikdə duran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd etmək lazımdır ki, İran uzun illərdir Ermənistanın ən mühüm ticarət tərəfdaşlarından biri hesab olunur.
Statistik göstəricilərə əsasən, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 768,1 milyon dollar təşkil edib.
Həmin dövrdə İranın Ermənistanın ümumi xarici ticarətindəki payı 3,6 faizə bərabər olub və Tehran İrəvanın ən böyük on ticarət tərəfdaşı siyahısında yerini qoruyub.