Riyadda keçirilən 25-ci WPC Enerji Konqresinin ilk günündə əsas diqqət enerji təhlükəsizliyinə yönəlib. Səudiyyə Ərəbistanı son hücumlara ciddi cavab veriləcəyini açıqlayıb, enerji sektorunun rəhbərləri isə qlobal neft və qaz təchizatına artan təhdidləri müzakirə ediblər.
93 illik tarixində ilk dəfə Səudiyyə Ərəbistanında təşkil olunan konqres Kral Xalid Beynəlxalq Hava Limanının yaxınlığındakı Riyad Front Sərgi və Konfrans Mərkəzində keçirilir. Hava limanı həftəsonu husilərin hücumları zamanı iki dəfə vurulub. Yeni aviasiya bildirişinə əsasən, aeroport oktyabrın 17-dək bağlı qalacaq.
Səudiyyə Ərəbistanı hücumlara ciddi cavab vəd edib
Konqresi açan Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman milli təhlükəsizliyin enerji siyasətindən üstün olduğunu vurğulayıb. O, nümayəndələrə müraciətində “Səudiyyə lüğətində qorxu sözü yoxdur” deyib, Ər-Riyadı enerji təhlükəsizliyinin paytaxtı adlandırıb.
Son hücumlara toxunan nazir son həftələrdə baş verənlərin ciddi olduğunu və ölkənin cavabının da “eyni dərəcədə ciddi” olmalı olduğunu bildirib. “Reuters”in məlumatına görə, son iki həftədə husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 15-dən çox insan həlak olub.
Əbdüləziz bin Salman ölkənin “Vision 2030” proqramını, enerji investisiyalarını və sənaye inkişafını davam etdirəcəyini, vətəndaşları və beynəlxalq tərəfdaşları qarşısındakı öhdəliklərinə sadiq qalacağını söyləyib. Konqresin “Hamı üçün enerji gələcəyinə aparan yollar” mövzusuna münasibət bildirən nazir enerji keçidinin təməlində təhlükəsizliyin dayanmalı olduğunu qeyd edib: “Hamı üçün enerji təhlükəsizliyi olmadan hamı üçün enerji gələcəyi mümkün deyil”.
Onun sözlərinə görə, dayanıqlı və gələcək sarsıntılara tab gətirə bilən enerji keçidi üçün təhlükəsizlik, əlçatanlıq, investisiya və dayanıqlılıq birlikdə təmin olunmalıdır.
Alternativ ixrac marşrutları və Hörmüz boğazı
Energetika naziri Səudiyyə Ərəbistanının pozuntulara davam gətirəcək infrastruktura uzunmüddətli investisiyalarından danışıb. O, enerji təhlükəsizliyini təmin edilmiş hesab etməyin mümkün olmadığını deyərək, son hadisələrin ölkənin infrastrukturunu, institutlarını və insanlarını, eləcə də illər əvvəl verilən qərarları sınağa çəkdiyini bildirib.
Əbdüləziz bin Salman böhranlara qarşı ehtiyat tədbirləri kimi saxlama imkanlarına, ehtiyat hasilat gücünə, alternativ ixrac marşrutlarına, texnologiyaya, yerli təchizat zəncirlərinə və ixtisaslı işçi qüvvəsinə onilliklər ərzində yatırılan vəsaiti göstərib. Onun fikrincə, dayanıqlılıq təkcə boru kəmərləri və hasilat gücü deyil, həm də əməliyyatları davam etdirmək, zərəri aradan qaldırmaq, təchizat istiqamətlərini dəyişmək və fasilələrdən sonra tez bərpa olunmaq qabiliyyətidir.
O, beynəlxalq təchizat zəncirləri pozulanda şirkətlərin fəaliyyətini davam etdirməsi üçün yerli istehsalın və imkanların vacibliyini vurğulayıb. Nümunə kimi Səudiyyə Ərəbistanının Şərq əyalətindən Qırmızı dəniz sahilindəki Yanbuya xam neft daşıyan Şərq-Qərb boru kəmərini göstərib. Bu marşrut neft ixracına Hörmüz boğazından yan keçməyə imkan verir. Nazir çıxışını konqres iştirakçılarının alqışları ilə tamamlayıb.
Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, şahzadə Əbdüləziz bazar günü Küveyt, Qətər və Misirlə enerji əməkdaşlığı sazişləri imzalayıb. Qətərlə razılaşma neft, qaz, emal, neft-kimya və təmiz hidrogen sahələrini, o cümlədən enerji daşınması və ixracı üçün birgə boru kəmərlərinin yaradılması imkanını əhatə edir. Küveytlə saziş isə elektrik şəbəkələrinin birləşdirilməsi, elektrik enerjisinin ixracı, enerji saxlama və ağıllı şəbəkələrə aiddir.
Küveytin neft naziri avqustda ölkəsinin Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri ilə yeni xam neft ixrac boru kəmərini müzakirə etdiyini demişdi. Birləşmiş Ərəb Əmirlikləri prezidentinin müşaviri Ənvər Qarqaş isə Səudiyyə Ərəbistanına hücumların bütün Körfəz ölkələrini təhdid etdiyini bildirərək, regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın yenilənməsinə çağırıb.
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Hörmüz boğazındakı böhranı dünyanın ən böyük enerji təhlükəsizliyi böhranı kimi xarakterizə edib. Alternativ marşrutlar vasitəsilə Körfəzdən xam neft ixracı qismən bərpa olunsa da, emal olunmuş neft məhsulları və mayeləşdirilmiş təbii qazın (LNG) daşınması çox aşağı səviyyədə qalır.
“Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Nasser xam neft təchizatına təzyiqin Hörmüz boğazı tam açılanadək davam edəcəyini deyib. O bildirib ki, kommersiya neft ehtiyatları 6 milyard bareldən xeyli aşağıdır və qlobal tələbatı ödəməklə yanaşı ehtiyatları bərpa etmək iki ilədək vaxt apara bilər.
Konqresə 25 mindən çox nümayəndənin qatılması gözlənilir
WPC Energy-nin prezidenti Pedro Miras dünya əhalisinin 10 milyarda yaxınlaşması ilə enerji tələbatının artmaqda davam edəcəyini bildirib. O, müxtəlif enerji mənbələrinin istifadəsinin vacibliyini vurğulayaraq, iqtisadi inkişafı təhlükəsizlik, əlçatanlıq və dayanıqlılıqla yanaşı dördüncü prioritet kimi göstərib. Mirasın fikrincə, enerji mənbələrinin və istehsalçı ölkələrin müxtəlifliyi qlobal enerji dayanıqlılığını gücləndirə bilər.
Təşkilatçılar konqresdə 100-dən çox nazir və 500-ə yaxın şirkət rəhbəri daxil olmaqla, 25 mindən çox nümayəndənin iştirakını gözləyirlər. Proqramda 800 məruzəçi və 30-dan çox sessiya yer alır. Təxminən 1 000 şirkət 50 min kvadratmetrlik sərgi sahəsində iştirak üçün yer ayırıb.
Bununla belə, bazar ertəsi səhər açıqlanan proqramda bir sıra tanınmış enerji şirkətlərinin rəhbərlərinin adları yer almayıb. “Reuters” yazır ki, daha əvvəl iştirakı gözlənilən “ExxonMobil”, “TotalEnergies”, “Shell”, “Chevron” və “BP” şirkətlərinin baş icraçı direktorları siyahıda olmayıb. “BP” tədbirdə iştirakını ləğv etdiyini təsdiqləyib.
Geosiyasi gərginlik və təchizat fasilələrinə baxmayaraq, Beynəlxalq Enerji Agentliyi bu il dünya üzrə enerji investisiyalarının rekord həddə — 3,4 trilyon dollara çatacağını proqnozlaşdırır. Bunun təxminən 2,2 trilyon dollarının təmiz enerji və elektrik şəbəkələrinə yönələcəyi gözlənilir.
Bazar ertəsi enerji atəşkəsi ilə bağlı ümidlər fonunda neft qiymətləri azalıb, lakin “Brent” markalı xam neftin bir bareli 100 dollardan yuxarı qalıb. WPC Enerji Konqresi və sərgisi çərşənbə axşamı davam edəcək, tədbirin oktyabrın 15-i, cümə axşamı bağlanış mərasimi ilə yekunlaşması planlaşdırılır.